Tbilisidə sosial yeməkxanaları talayan şirkət rəhbərləri azadlığa buraxıldı
Tbilisinin pulsuz yeməkxanalarından külli miqdarda dövlət vəsaitini mənimsəməkdə təqsirləndirilən şəxslər barəsində qətimkan tədbiri seçilib.
APA-nın yerli bürosunun məlumatına görə, hakim Meya Melkadzenin qərarı ilə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri girovla əvəzlənib.
Prokurorluq əvvəlcə təqsirləndirilən şəxslərin həbsini tələb etsə də, "Aladashvili & co" MMC-nin direktoru Rezo Adalaşvili və digər təqsirləndirilənlər cinayətlərini etiraf etdikdən sonra ittiham tərəfi vəsadəti girovla əvəzləyib.
Məhkəmənin qərarı ilə:
· Rezo Adalaşvili üçün 100 000 lari;
· Digər müttəhimlər - Teona Cavaxişvili, Besik Doxnadze, Zura Tsaqurişvili və Badri Badriaşvili üçün isə hər birinə 50 000 lari məbləğində girov təyin edilib.
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin rəisi Emzar Qaqnidze brifinqdə bildirib ki, 2023-2026-cı illər ərzində "Aladashvili & co" MMC ilə Tbilisinin İsni, Çuğureti, Mtatsminda və Krtsanisi rayon icra hakimiyyətləri arasında pulsuz yeməkxanaların təşkili üçün ümumi dəyəri 26 513 573 lari olan 12 müqavilə imzalanıb.
İstintaqla müəyyən edilib ki, şirkət rəhbərliyi subpodratçılar olan "Gid", "Bade" və "Alion" MMC-lərlə birgə fəaliyyət göstərərək, hər gün 14 451-ə yaxın sosial yardıma ehtiyacı olan vətəndaşa xidmət zamanı saxtakarlığa yol veriblər. Onlar məhsulların qəbulu aktlarını saxtalaşdıraraq dövlətin ayırdığı vəsaitdən 3 529 000 lari məbləğində məbləği dələduzluq yolu ilə mənimsəyiblər.
Xatırladaq ki, faktla bağlı saxlanılan 5 nəfəri (4 direktor və 1 əməkdaş) 6 ildən 9 ilədək həbs cəzası gözləyir.