Sarpda dəhşətli tapıntı: Qəbiristanlıqda basdırılmış qadın meyiti aşkar edilib

Mar 21, 2026 - 21:27
 0  24
Sarpda dəhşətli tapıntı: Qəbiristanlıqda basdırılmış qadın meyiti aşkar edilib

Gürcüstanın Türkiyə ilə sərhədində yerləşən Sarp kəndində sarsıdıcı cinayət hadisəsi baş verib.

Xeber.ge xeber  verir ki, yerli qəbiristanlıqların birində qadın meyiti tapılıb.

Məlumatı "Acara Times" nəşri yerli sakinlərə istinadən yayıb.

Sakinlərin bildirdiyinə görə, qatil cinayətin üstünü örtmək üçün meyiti mövcud qəbirlərdən birinin üzərində, torpağın səthinə yaxın hissədə basdırıb. Hadisə yerinə dərhal hüquq-mühafizə orqanları cəlb olunub, zəruri istintaq tədbirləri keçirildikdən sonra meyit eksqumasiya edilərək müayinəyə aparılıb.

Helvaçauri merinin Sarp inzibati vahidi üzrə nümayəndəsi faktı təsdiqləyib:

"Hadisə bir neçə gün əvvəl baş verib. İstintaq qrupu ərazidə işləyirdi. Qadın qəbiristanlıqda basdırılmış vəziyyətdə tapılıb. Əraziyə heç kimi buraxmadılar, buna görə də əlavə təfərrüatlardan xəbərsizəm," - deyə rəsmi nümayəndə bildirib.

Müstəqil mənbələrin verdiyi məlumata görə, qətl hadisəsi ehtimal ki, Gonio ərazisində törədilib, meyit isə gizlədilmək üçün Sarpa gətirilib. İlkin məlumatlara əsasən, həm qətlə yetirilən qadın, həm də hadisəni törətməkdə şübhəli bilinən kişi Türkiyə vətəndaşlarıdır.