Tbilisidə itkin düşən şəxsin meyiti dərədə tapılıb

Apr 8, 2026 - 21:05
 0  71
Tbilisidə itkin düşən şəxsin meyiti dərədə tapılıb

Gürcüstan Daxili İşlər Nazirliyi aprelin 5-dən itkin düşmüş Zviad Axraxadzenin ölümü ilə bağlı iki nəfərin saxlanılması barədə məlumat yayıb.

Xeber.ge xeber  verir ki, 1992-ci il təvəllüdlü İ.M. və 1985-ci il təvəllüdlü Q.M. həyati təhlükədə olan şəxsə zəruri yardımı göstərməmək və aidiyyatı qurumlara xəbər verməmək ittihamı ilə saxlanılıblar.

  İstintaqla müəyyən edilib ki, cari ilin 6 aprel tarixində gecə saatlarında 1995-ci il təvəllüdlü Z.A. təqsirləndirilən şəxslərin evinə qonaq gedib. Orada gəncin səhhəti qəfil pisləşib və o, dünyasını dəyişib. Saxlanılan şəxslər hadisə barədə təcili yardıma və ya polisə xəbər vermək əvəzinə, meyiti Q.M.-nin idarə etdiyi avtomobilə qoyaraq Tbilisi yaxınlığındakı meşə massivində dərəyə atıblar. Bundan sonra onlar paytaxtı tərk edərək bölgəyə qaçıblar.

  Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində hər iki şəxs müəyyən edilərək saxlanılıb. Onlar törətdiyi əməli etiraf ediblər və hazırda istintaqla əməkdaşlıq edirlər. Gəncin dəqiq ölüm səbəbinin müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 129-cu maddəsi (Yardım göstərməmə) ilə araşdırma davam etdirilir.