Marneulidə gərginlik: Fermerlərlə polis arasında qarşıdurma yaşanıb-VİDEO

Apr 29, 2026 - 14:24
 0  50

  Gürcüstanın Marneuli bələdiyyəsinin Şulaveri kəndində yerli tərəvəz istehsalçılarının etiraz aksiyası keçirilir.

Aksiya zamanı nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında yaranan fiziki qarşıdurma nəticəsində azı iki nəfər saxlanılıb.

Xeber.ge xəbər verir ki, fermerlər mövcud aqrar siyasətə və yerli məhsulun satışındakı çətinliklərə etiraz edirlər.

Etirazçılar ölkə bazarına xaricdən, xüsusilə İran və Türkiyədən idxal olunan ucuz tərəvəz məhsullarının yerli bazarı tamamilə tutduğunu bildirirlər.

Fermerlərin sözlərinə görə, bu rəqabət nəticəsində yerli məhsulu maya dəyərindən ucuz satmağa məcbur qalırlar.

"Məhsulumuz anbarlarda çürüyür. Onu yetişdirmək üçün çəkdiyimiz xərcləri belə çıxara bilmirik. İdxal olunan məhsullar bazarı öldürüb. Borclarımızı kim ödəyəcək?" – deyə aksiya iştirakçıları bildiriblər.

Aksiya iştirakçıları Marneuli merinin hadisə yerinə gəlməsini və onlarla görüşməsini tələb edirlər.

Fermerlər tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə strateji əhəmiyyətli Sadaxlı magistralını bağlayacaqları ilə bağlı hədə-qorxu gəliblər.

Hadisə yerinə çox sayda polis qüvvələri cəlb olunub.

Polislə aksiyaçılar arasında vaxtaşırı gərginlik yaşanır.

Hüquq-mühafizə organları asayişi qorumağa və magistral yolda hərəkətin kəsilməsinə mane olmağa çalışırlar.

Məsələ ilə bağlı yerli hakimiyyət orqanlarından hələlik rəsmi açıqlama verilməyib.