Tsalkada quduzluq faktı təsdiqlənib: Karantin elan edildi

Apr 8, 2026 - 20:07
 0  15
Tsalkada quduzluq faktı təsdiqlənib: Karantin elan edildi

Gürcüstanın Kənd Təsərrüfatı Dövlət Laboratoriyası Tsalka bələdiyyəsində vəhşi heyvanda (tülkü) quduzluq faktını aşkar edib.

Xeber.ge xeber  verir ki, Qida Milli Agentliyinə (SES) istinadən verdiyi məlumata görə, Kvemo Kartli departamentinin apardığı araşdırma nəticəsində məlum olub ki, quduzluğa yoluxmuş tülkü dörd sahibsiz it tərəfindən parçalanıb.

  Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə Kvemo Kartli dövlət müvəkkilinin sərəncamı ilə yoluxma nöqtəsində və təhlükə potensialı olan ərazilərdə karantin elan edilib. Hazırda aşağıdakı tədbirlər həyata keçirilir:

·         İnfeksiya ocağının dezinfeksiyası;

·         Xəstəliyə həssas heyvanların peyvəndlənməsi;

·         Heyvanların hərəkətinə nəzarət;

·         Yoluxma şübhəsi olan heyvanların izolyasiyası və sığınacaqlara yerləşdirilməsi.

  Agentliyin məlumatına görə, cari il ərzində ölkə miqyasında laboratoriya şəraitində 3 quduzluq faktı təsdiqlənib. Qurum hər il quduzluğa qarşı pulsuz peyvəndləmə kampaniyası apardıqlarını xatırladır.

Qida Milli Agentliyi əhaliyə müraciət edərək, təhlükənin qarşısını almaq üçün ev heyvanlarını (it və pişik) hər il mütləq şəkildə peyvəndləməyə çağırıb:

"Beynəlxalq təcrübə və araşdırmalar təsdiqləyir ki, sahibsiz itlərin populyasiyasına nəzarət və onların vaksinasiyası xəstəliyin tamamilə aradan qaldırılmasında həlledici rol oynayır".