Tbilisidə mənzildən 10 min larilik oğurluq edən şəxs saxlanılıb

May 1, 2026 - 12:59
 0  12
Tbilisidə mənzildən 10 min larilik oğurluq edən şəxs saxlanılıb

Gürcüstanın paytaxtında mənzildən külli miqdarda oğurluq etməkdə şübhəli bilinən şəxs polis tərəfindən yaxalanıb.

 Xeber.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polisi Departamentinin Didube-Çuqureti rayon idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində 1997-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş İ.V. saxlanılıb.

  İstintaqla müəyyən edilib ki, saxlanılan şəxs paytaxtdakı mənzillərdən birinə qanunsuz daxil olaraq oradan nağd pul, məişət texnikası və müxtəlif əşyalar oğurlayıb. Zərərçəkmişə dəyən ümumi maddi ziyanın miqdarı 10 000 lari təşkil edir.

  Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində oğurlanmış əşyaların bir hissəsi maddi sübut kimi müsadirə olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsi (Oğurluq) ilə cinayət işi davam etdirilir. Bu maddə üzrə təqsirləndirilən şəxsi 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.