Kutaisidə güllələnən şəxs xəstəxanada öldü

May 1, 2026 - 13:05
 0  16
Kutaisidə güllələnən şəxs xəstəxanada öldü

Gürcüstan Daxili İşlər Nazirliyinin İmereti Polisi Departamentinin əməkdaşları Kutaisi şəhərində baş vermiş ölüm faktı ilə bağlı iki nəfəri saxlayıb.

 Xeber.ge xəbər verir ki, saxlanılanlar əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü Ş.R. və 1993-cü il təvəllüdlü Q.S.-dir.

  İstintaqla müəyyən edilib ki, cari ilin 30 aprel tarixində Kutaisi şəhərində tərəflər arasında yaranmış mübahisə zəminində 1991-ci il təvəllüdlü Ş.R. ov tüfəngindən atəş açaraq 1985-ci il təvəllüdlü B.J.-ni yaralayıb və hadisə yerindən qaçıb.

Yaralı dərhal tibbi müəssisəyə çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, orada dünyasını dəyişib.

Araşdırmalar zamanı məlum olub ki, hadisə baş verərkən Ş.R.-in yanında olan Q.S. cinayətin şahidi olsa da, bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib.

"Isti izlər"lə keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində hər iki şəxs şübhəli şəxs qismində saxlanılıb. Cinayətin törədilməsində istifadə olunan ov tüfəngi polis tərəfindən maddi sübut kimi müsadirə edilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci (Sağlamlığa qəsdən ağır zərər vurma) və 376-cı (Cinayəti xəbər verməmə) maddələri ilə istintaq aparılır. Təqsirləndirilən şəxsləri 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.