Tbilisi və Kutaisidə irimiqyaslı əməliyyat-VİDEO
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları Baş Prokurorluqla birgə Tbilisi və Kutaisi şəhərlərində məhkəmə qərarı əsasında xüsusi əməliyyat keçiriblər.
Əməliyyat nəticəsində fahişəliyə şərait yaratmaq və fahişəlik üçün yer təşkil etmək ittihamı ilə 14 nəfər saxlanılıb, 9 obyekt isə hüquq-mühafizə orqanları tərəfindən möhürlənib.
XEBER.GE xəbər verir ki, bu barədə Mərkəzi Kriminal Polis Departamentinin Treffikinq və Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Qriqol Qoqoçaşvili keçirdiyi brifinqdə məlumat verib.
İdarə rəisinin sözlərinə görə, saxlanılan şəxslər arasında həm Gürcüstan, həm də Çin və Tailand vətəndaşları var.
İstintaq zamanı onlarla kompleks əməliyyat-axtarış tədbirləri, o cümlədən gizli audio və videoçəkilişlər aparılıb. Toplanmış materiallar ittiham olunan şəxslərin cinayət fəaliyyətini tam sübuta yetirir.
Müəyyən edilib ki, sözügedən obyektlərin rəhbərləri və inzibatçıları öz tabeliklərində olan məkanlarda xarici ölkə vətəndaşı olan qadınları işə götürərək onların fahişəliklə məşğul olmasına şərait yaradıblar.
Onlar Tbilisi və Kutaisidəki obyektləri müəyyən pul qarşılığında sistemli şəkildie fahişəlik üçün istifadəyə veriblər.
Məlum olub ki, təqsirləndirilən şəxslər qadınlara müştəri tapmaqda da köməklik göstəriblər və bunun müqabilində qazanılan pulun bir hissəsini özlərinə götürüblər.
Sözügedən 9 obyektin əsas gəlir mənbəyini məhz bu qanunsuz fəaliyyət təşkil edib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 254-cü maddəsinin (fahişəliyə şərait yaratma və yer təşkil etmə) birinci və ikinci hissələri ilə istintaq aparılır. Bu maddə cəza növü olaraq 4 ilədək müddətə azadlıqdan məhrumetmə məsuliyyəti nəzərdə tutur.