"Qanuni oğru" Elmuraz Məmmədov və dəstəsi barəsində həbs qərarı
Gürcüstanda səs-küylü "biznes-reket" və "oğru dünyası" işi üzrə növbəti məhkəmə prosesi baş tutub.
Hakimlər Teona Epitaşvili və Eka Barbakadze təqsirləndirilən şəxslər barəsində sərt qərarlar qəbul ediblər.
XEBER.GE xəbər verir ki, kütləvi həbslər və reket sxemi ilə bağlı cinayət işinin təfərrüatları məlum olub.
Hakim Teona Epitaşvilinin qərarı ilə, "qanuni oğru" Elmuraz Məmmədov və onunla əlaqədə olan daha 5 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda Gürcüstanda olmayan və ölkə xaricindən qruplaşmaya rəhbərlik edən Elmuraz Məmmədova qarşı ittiham qiyabi irəli sürülüb və o, məhkəmədə iştirak etməyib.
Məhkəmədə Məmmədovun vəkili onun barəsində heç bir qətimkan tədbirinin seçilməməsini, digər 5 nəfərin vəkilləri isə həbs əvəzinə girov müqabilində azadlığa buraxılmağı təklif etsələr də, hakim bu vəsatətləri təmin etməyib.
Kriminal qruplaşmanın təşkilatçısı hesab olunan Elmuraz Məmmədov və daha bir neçə şəxs barəsində rəsmi axtarış elan olunacaq.
Daxili İşlər Nazirliyinin Tbilisi, Şida Kartli və Kvemo Kartli bölgələrində keçirdiyi irimiqyaslı xüsusi əməliyyat nəticəsində "oğru dünyası" ilə əlaqədə şübhəli bilinən ümumilikdə 21 nəfər saxlanılıb.
İstintaq materiallarına görə, vətəndaşların qorxudulması üçün törədilən ev yandırma hadisələrinin arxasında məhz "qanuni oğru"lar dayanıb.
İyunun 18-də hakim Eka Barbakadzə saxlanılanlardan 9 nəfərini həbsxanaya göndərib. Onlardan 2-si "oğru dünyası"na üzv olmaqda, 7-si isə "qanuni oğru"lara müraciət etməkdə və onlara dəstək verməkdə ittiham olunur.
Təqsirləndirilənlər arasında hazırda cəzaçəkmə müəssisəsində olan bir məhbus da var; istintaq iddia edir ki, o, cinayətkar "razborka"ları birbaşa həbsxanadan idarə edib və "obşakyığıb.
Bundan əlavə, daha 9 nəfərə rəsmi ittiham elan edilib – onların bir qisminə cəzaçəkmə müəssisəsində, xaricdə olanlara isə qiyabi şəkildə ittihamlar çatdırılıb.
İstintaq sənədlərinə görə, qruplaşma üzvləri biznesmenlər və müxtəlif şəxslər arasındakı maliyyə mübahisələrini həll etmək üçün "oğru mühakimələri" təşkil ediblər və bu proseslərə xaricdən Elmuraz Məmmədov da qoşulub. Məmmədov Gürcüstandakı əlaqəli şəxslərə birbaşa göstərişlər verib.
Dəstə üzvləri həm öz şəxsi mənfəətləri, həm də "qanuni oğru"nun xeyrinə "oğru qanunları" ilə hərəkət edərək vətəndaşları sıxışdırıb, onların şəxsi bizneslərindən külli miqdarda pul vermələrini tələb ediblər. Müəyyən olunmuş vaxtda pulu ödəməyən şəxslər isə fiziki zorakılıq və ölümlə təhdid ediliblər.