Saakaşvilinin həbsxanaya qaytarılması tamamilə düzgün qərardır

Nov 13, 2025 - 12:03
 0  16
Saakaşvilinin həbsxanaya qaytarılması tamamilə düzgün qərardır

Gürcüstanın səhiyyə naziri Mixeil Sarjveladze sabiq prezident Mixeil Saakaşvilinin klinikadan penitensiar müəssisəyə köçürülməsini "məntiqli və düzgün qərar" adlandırıb.

Nazirin sözlərinə görə, səhhətində ciddi problemi olmayan məhbusların cəzasını həbsxanada çəkməsi qanuna və normal praktikaya tam uyğundur:

"Bu qərarın niyə verilməsi və ya icra olunması ilə bağlı heç kim əsaslı arqument gətirə bilməz. Məncə, bu, tamamilə normal qərardır. Səhhətində problemi olmayan və cəzası olan şəxs bütün digər məhbuslar kimi cəzaçəkmə müəssisəsində olmalıdır. Bu məsələdə kiminsə neqativ reaksiya göstərməsi və ya yanlış təəssürat yaratması başadüşülən deyil".

Xatırladaq ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili noyabrın 12-də Tbilisidə yerləşən "Vivamedi" klinikasından Rustavidəki 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

Saakaşvilinin köçürülməsi ölkədə müxtəlif siyasi reaksiyalara səbəb olub. Hakimiyyət nümayəndələri qərarın qanuni və tibbi əsaslara söykəndiyini bildirir, müxalifət isə bunu siyasi motivli addım kimi qiymətləndirir.

mənbə: report