Gürcüstanda "Didqori 2025" adlı genişmiqyaslı hərbi təlimə start verilib
Gürcüstanda "Didqori 2025" adlı milli səviyyəli komanda-qərargah təliminə start verilib.
Təlimin açılış mərasimi Krtsanisi Birləşmiş Hərbi Mərkəzində keçirilib.
Mərasimdə Gürcüstanın müdafiə nazirinin müavini Qriqol Qiorqadze iştirak edərək dövlət qurumlarının nümayəndələri qarşısında çıxış edib. Təlimin məqsəd və vəzifələri barədə iştirakçılara brifinq təqdim olunub.
Müdafiə Nazirliyinin məlumatına görə, "Didqori 2025" kompüter sistemləri ilə dəstəklənən milli-strateji, əməliyyat və taktiki səviyyəli komanda-qərargah təlimidir. Təlimin planlaşdırılması və icrasına Gürcüstan Müdafiə Qüvvələri Baş nazirin fərmanı əsasında rəhbərlik edir.
Krtsanisi ilə yanaşı, Senaki şəhərində - 2-ci Piyada Briqadasının bazasında da təlimin açılış mərasimi baş tutub.
"Didqori 2025" təliminin əsas məqsədi böhran vəziyyətləri, fövqəladə hallar və müharibə zamanı dövlət qurumları arasında koordinasiya və qarşılıqlı əlaqəni təkmilləşdirməkdir.
Təlimdə 5000-dən çox dövlət qurumu əməkdaşı iştirak edir. Təlimin qərargahı Gürcüstanın 25 müxtəlif məntəqəsində yerləşir və proqram 29 sahə komponentini əhatə edir.
Sahə komponentlərinə Gürcüstanın, demək olar ki, bütün bölgələri, o cümlədən Krtsanisi, Afrikani, Tbilisi, Vaziani, Orpolo, Çoxatauri, Bolnisi, Algeti, Norio, Qori, Kopitnari, Senaki, Tianeti, Batumi, Poti və Kobuleti daxil edilib.
Müdafiə Nazirliyi bildirir ki, təlim ölkənin milli təhlükəsizlik və müdafiə potensialını artırmaq, eləcə də bütün dövlət qurumları arasında operativ qarşılıqlı əlaqəni gücləndirmək məqsədi daşıyır.
mənbə: report