Rustavidə iti bıçaqlayan keçmiş məhkum saxlanıldı

Jun 27, 2026 - 10:55
 0  3
Rustavidə iti bıçaqlayan keçmiş məhkum saxlanıldı

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər İdarəsinin əməkdaşları heyvanlara qarşı amansız rəftar etməkdə ittiham olunan bir şəxsi saxlayıblar.

Məlum olub ki, saxlanılan şəxs əvvəllər də məhkum edilib və hazırda şərti cəza altındadır.

XEBER.GE  xəbər verir ki, aparılan istintaq tədbirləri ilə müəyyən edilib ki, təqsirləndirilən şəxs Rustavi şəhərində soyuq silahla (bıçaqla) sahibsiz bir itə ağır xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Yaralı heyvan dərhal sığınacağa yerləşdirilib və ona tibbi yardım göstərilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində cinayəti törədən şəxs saxlanılıb.

Onun üzərində aparılan şəxsi axtarış zamanı cinayət aləti olan bıçaq maddi sübut kimi götürülüb.

Nazirliyin bəyanatında qeyd olunur ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 259-cu (Heyvanlara qarşı qəddar rəftar) maddəsi ilə istintaq aparılır.

Bu maddə cəza növü olaraq 3 ilədək müddətə azadlıqdan məhrumetmə sanksiyasını nəzərdə tutur.