Vizasız gediş-gəlişin ləğvi cəhdinin məqsədi ikinci cəbhənin açılmasına nail olmaqdır

“Gürcü Arzusu” hakimiyyəti Gürcüstan üçün Avropa İttifaqı ilə vizasız gediş-gəlişin dayandırılmasının səbəbini onların qəbul etdiyi qanunlarla media orqanları və vətəndaş cəmiyyəti qruplarının məhdudlaşdırılmasında deyil, “qlobal müharibə partiyası”nın ölkədə “ikinci cəbhə” açmaq istəyində görür.
Partiyada keçirilən brifinqdə “Gürcü Arzusu”nun baş naziri İrakli Kobaxidze iddia edib ki, vizaliberalizasiya prosesinin dayandırılması “şantaj” və “provoskasiya”dır, cəmiyyət buna aldanmamalı və “elə addım atmamalıdır ki, bu, ölkəmizi qeyd-şərtsiz məhvə aparsın”.
“Gürcüstanda ikinci cəbhənin açılmasına dair arzu o qədər böyükdür ki, qlobal müharibə partiyası bütün Avropa bürokratiyasını Gürcüstana hücum rejiminə keçirdi və əlində son kozır kimi vizasız gediş-gəlişin ləğvini nəzərdən keçirir. Ölkəmizi müharibəyə cəlb etmək istəyənlər düşünürlər ki, əgər Avropa İttifaqı ilə vizasız rejimi hətta uydurma əsaslarla ləğv etsələr, bu, cəmiyyətdə o səviyyədə narahatlıq yaradacaq ki, nəticədə hakimiyyət devriləcək və ölkə rəhbərliyinə agentura gətiriləcək”, – deyə İrakli Kobaxidze bildirib.
Gürcüstanda demokratiyanın “ciddi geriləməsi”nə cavab olaraq, Avropa Komissiyası vizasız rejimin dayandırılmasını nəzərdən keçirir. Bu məsələ ilə bağlı Avropa Komissiyasının Miqrasiya və Daxili İşlər Baş Direktorluğu “Gürcü Arzusu” hökumətinin xarici işlər naziri Maka Boçorişviliyə məktub göndərib. Məktubda direktorluq Komissiyanın tövsiyələrinin yerinə yetirilməsi ilə bağlı yenilənmiş məlumatın təqdim olunmasını və əgər bunlar hələ icra olunmayıbsa – onların yerinə yetirilməsi üçün müvafiq tədbirlərin görülməsini, avqustun sonunadək tələb edir. Söhbət səkkiz tövsiyənin yerinə yetirilməsindən gedir, bunlara daxildir:
- Gürcüstanın bütün vətəndaşlarının fundamental hüquq və azadlıqlarının, o cümlədən toplaşmaq, ifadə və birləşmək azadlığı, şəxsi həyatın toxunulmazlığı, ictimai həyatda iştirak hüququ və ayrı-seçkiliyin qadağan olunması hüququnun təmin olunması və qorunması;
- Fundamental hüquq və azadlıqları məhdudlaşdıran, ayrı-seçkiliyin qadağan olunması prinsipini pozan və Avropa və beynəlxalq standartlara zidd olan hər hansı qanunvericiliyin qarşısının alınması və ləğv olunması. Xüsusilə “xarici təsirin şəffaflığı haqqında” qanunun və “ailə dəyərləri və azyaşlıların müdafiəsi haqqında” paket qanunun ləğvi və insan hüquqları üzrə milli strategiya və fəaliyyət planının yenidən nəzərdən keçirilməsi, belə ki, LGBTIQ şəxslərin hüquqları tam şəkildə qorunsun.
İrakli Kobaxidze bugünkü brifinqdə jurnalistin “Gürcü Arzusu” bu səkkiz bənddən heç olmasa birini yerinə yetirməyə hazırdırmı” sualına cavab verməyib.
Gürcüstan, digər qonşu ölkələrdən fərqli olaraq, 2017-ci il martın 28-dən etibarən Şengenin 28 ölkəsi ilə vizasız rejimdən yararlanır – Gürcüstan vətəndaşı bu ölkələrə səfər etməzdən əvvəl viza almır, halbuki bu, bir neçə həftə və ay çəkə bilər. Vizasız rejim səfərlərin spontan planlaşdırılması imkanını yaradır, illər öncə ayrılmış ailə üzvlərinin bir-biri ilə görüşünü isə asanlaşdırır.
2024-cü ilin ilk aylarından etibarən isə “Gürcü Arzusu”, tərəfdaş ölkələrin çağırışlarına baxmayaraq, elə qanunlar qəbul etdi ki, bunlar vətəndaş cəmiyyəti təşkilatlarının, həssas qrupların və müstəqil media orqanlarının iş mühitini əhəmiyyətli dərəcədə məhdudlaşdırdı.
mənbə: marneulifm