Rusiya vətəndaşlarına Gürcüstandan avtomobil ixracı qadağan edildi

Gürcüstanın Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi təsdiqləyib ki, ölkədə Belarus və Rusiya vətəndaşları tərəfindən avtomobillərin üçüncü ölkələrə ixracı qadağan edilib.
Bu barədə məlumatı Rusiyanın rəsmi xəbər agentliyi TASS yayıb.
Bundan əvvəl Gürcüstan mediası məlumat yaymışdı ki, 15 may 2024-cü ildən etibarən, Gürcüstan Belarus və Rusiya vətəndaşları üçün minik avtomobillərinin və xüsusi texnikaların ölkədən çıxarılmasını tam şəkildə qadağan edib.
Agentlik TASS-a bildirib:
"Gürcüstan ABŞ, Birləşmiş Krallıq və Avropa İttifaqının Rusiya əleyhinə tətbiq etdiyi sanksiyalara, xüsusən də 11-ci sanksiya paketinə əməl edir. Bu paketə əsasən, Belarus və Rusiya vətəndaşları üçün Gürcüstandan üçüncü ölkələrə avtomobil re-eksportu qadağandır. Bu qayda artıq qüvvəyə minib."
Agentlik əlavə edib ki, bu qadağa digər xarici ölkə vətəndaşlarına aid edilmir.
Bundan əlavə, Xidmət Agentliyinin izahına görə, 2023-cü ildən etibarən artıq qüvvədə olan qaydalara əsasən, Gürcüstandan birbaşa olaraq Rusiya və ya Belarusa avtomobil və xüsusi texnikanın re-eksportu qadağandır.
mənbə: marneulifm