Rusiya İvanişviliyə 2008-ci il müharibəsinə görə "üzr istəmək" barədə verdiyi bəyanatı xatırladıb

Rusiya Xarici İşlər Nazirliyi "Gürcü Arzusu"na və Bidzina İvanişviliyə seçkiqabağı kampaniya zamanı İvanişvilinin 2008-ci il müharibəsinə görə "üzr istəmək" barədə verdiyi bəyanatı xatırladıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 5 mart tarixində, Cenevrə beynəlxalq danışıqlarının 63-cü raundundan sonra yaydığı bəyanatda bildirilir.
Cenevrə beynəlxalq danışıqlarının 63-cü raundu 2025-ci il martın 4-5-də keçirilib.
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir
ki, danışıqlar zamanı Rusiya tərəfi "ötən ilki seçkiqabağı kampaniya zamanı Gürcüstanın rəhbər şəxslərinin Abxaziya və Cənubi Osetiya ilə bağlı verdiyi barışıq mesajlarına yenidən diqqət çəkib".
Bəyanatda həmçinin Gürcüstanın Abxaziya və Tsxinvali bölgəsinə qarşı güc tətbiq etməyəcəyi ilə bağlı "müvafiq razılaşma" şəklində hüquqi öhdəlik götürməsi məsələsinə toxunulub.
"Bununla bağlı Moskva, Suxumi və Tsxinvali razılaşmaya doğru ilk addım kimi siyasi bəyanatın müzakirəsinə qayıtmaq təşəbbüsünü alqışladılar.
Bu məsələnin aktuallığı Gürcüstanın radikal müxalifəti tərəfindən "ayrılmış" ərazilər üzərində nəzarəti bərpa etmək üçün zorakı ssenarilərin müzakirəsi fonunda, eləcə də Gürcüstanın NATO-nun Cənubi Qafqazla bağlı planlarında xüsusi rolunun davam etməsi fonunda artır. Bu, Tbilisi və alyans arasındakı sıx əməkdaşlıq, o cümlədən intensiv işgüzar təmaslar və Gürcüstanın öz ərazisində də daxil olmaqla, birgə hərbi təlimlərdə iştirakı ilə sübut olunur", – deyə bəyanatda vurğulanır.
Əvvəlki danışıqlardan sonra yayımlanan bəyanatlara bənzər olaraq, bu bəyanatda da "regionda ümumi vəziyyətin yaxşılaşdırılmasına Tbilisi və işğal olunmuş ərazilər arasında sərhədin delimitasiya və demarkasiya prosesinin başlanmasının töhfə verəcəyi" qeyd olunur.
Danışıqlardan sonra "Gürcü Arzusu" hökumətinin Xarici İşlər Nazirliyi də bəyanat yayıb.
Bəyanatda Gürcüstan nümayəndə heyətinin Rusiyanın Avropa İttifaqının vasitəçiliyi ilə bağlanmış 12 avqust 2008-ci il atəşkəs sazişindən irəli gələn beynəlxalq öhdəliklərini tam yerinə yetirməsinin vacibliyini və işğal olunmuş ərazilərdən zorla köçürülən şəxslərin və qaçqınların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını vurğuladığı qeyd edilir.
Bununla yanaşı, bəyanatda Qali rayonunda insidentlərin qarşısının alınması və onlara reaksiya verilməsi mexanizminin (IPRM) hər hansı ilkin şərt olmadan bərpası, habelə Qali və Erqnetidə bu mexanizmin mütəmadi və fundamental prinsiplərə uyğun şəkildə keçirilməsinin əhəmiyyəti qeyd olunur.
"Gürcüstan nümayəndə heyəti 63-cü raund çərçivəsində işğal olunmuş regionlarda təhlükəsizlik, humanitar vəziyyət və insan haqları sahəsində yaranmış ağır şərait, davam edən qanunsuz militarizasiya, bu kontekstdə isə Oçamçiredə Rusiyanın qanunsuz dəniz bazasının tikintisi və Suxumi hava limanının işə salınması faktlarından narahatlığını ifadə etdi. Gürcü tərəfi həmçinin Gürcüstanın işğal olunmuş Abxaziya bölgəsində keçirilən qondarma prezident seçkilərini və işğalçı rejimin lideri ilə Rusiya prezidentinin bu gün baş tutan görüşünü pislədi. Bu, Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasını və anneksiya istiqamətində atılan növbəti addımları ifadə edir.
Rusiya və işğalçı rejimlərin nümayəndələri adət etdikləri praktika kimi, danışıqlar masasında qaldırılan əsas məsələlərdən biri olan işğal olunmuş ərazilərdən məcburi köçürülən şəxslərin və qaçqınların öz evlərinə qayıtması məsələsi zamanı iclası tərk etdilər", – deyə bəyanatda bildirilir.
mənbə: marneulifm