“Hibrid müharibənin məqsədi hər şeyi ləkələmək və xalqın ləyaqət hissini əlindən almaqdır”

"İşlərimiz irəli-geri gedir. Hibrid müharibə hər şeyi qarışdırmaq, hər şeyi palçığa sürükləməkdir."
Bu barədə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili məhkəmə prosesində videomüraciəti zamanl bildirib.
Onun sözlərinə görə, ölkədə gedən hibrid müharibənin əsas məqsədi hər şeyi gözdən salmaq, cəmiyyəti demorallaşdırmaq və insanlara dəyərsiz olduqlarını təlqin etməkdir.
“Hamı yaxşı bilir ki, 2012-ci ildən sonra işlərimiz geriyə gedir. Hibrid müharibənin məqsədi hər şeyi ləkələmək, gözdən salmaq, insanlara göstərməkdir ki, onlar heç nəyə layiq deyillər, bacarıqsız, istedadsız və kölə psixologiyasına sahib olmalıdırlar. Bizim dövrümüzdə baş verən bütün uğurlar dünya tərəfindən tanınırdı. ABŞ-ın üç prezidenti Gürcüstana səfər etdi, çoxsaylı dünya liderləri ölkəmizdə oldu. Gürcüstan demokratiyanın fənəri adlandırılırdı və bu, mənim deyil, ABŞ prezidentinin sözləridir. Amma indi istəyirlər ki, insanlar bunları unutsa və onların yerinə yalanlar gəlsin”, - deyə Saakaşvili bildirib.
O, həmçinin böyük məbləğdə büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı açılan işə də toxunaraq bildirib ki, prezident olduğu dövrdə onun maaşı 3-4 min lari arasında olub və bu məbləğlə nə Donald Trampa, nə də Hillari Klintona qonaqpərvərlik göstərə bilərdi.
“Prezident administrasiyasının öz xərcləri var. Gürcüstan prezidentinin maaşı cəmi 3-4 min lari idi. İndiki deputatların maaşı bundan üç dəfə çoxdur. Bu məbləğlə mən nə Trampa, nə Hillari Klintona, nə də digər əhəmiyyətli şəxslərə layiqincə qonaqpərvərlik göstərə bilərdim. Biz qonaqları qəbul edirdik, hədiyyələr təqdim edirdik, dövlət başçılarına və xarici nümayəndələrə protokol qaydalarına uyğun davranırdıq. Bütün bu xərclər Prezident Administrasiyasının büdcəsindən qarşılanırdı və Milli Təhlükəsizlik Şurasının qərarı ilə məxfi elan olunmuşdu ki, düşmənlərimiz kiminlə görüşlər keçirdiyimizi bilməsinlər”, - deyə Saakaşvili bildirib.
Saakaşvili həmçinin vurğulayıb ki, onun prezidentliyi dövründə aparılan bütün xərclər qanuni olub və lazımi sənədlərlə rəsmiləşdirilib.
“Bütün ölkələrdə prezidentlər qonaqları qəbul edir, onlara şəxsi hədiyyələr təqdim edirlər. Əksər ölkələrdə dövlət başçılarının müalicə xərcləri də dövlət tərəfindən qarşılanır. Mən üç min lari maaşla öz müalicəmi necə həyata keçirə bilərdim? Bəzən cərrahi müdaxilələrə ehtiyac olurdu. Bütün bunlar dövlət tərəfindən qarşılanmalı idi”, - deyə Saakaşvili əlavə edib.
mənbə: Interpress