Kaxetidə 14 yaşlı qız 50 yaşlı kişidən uşaq dünyaya gətirib

Kaxetidə dəhşətli fakt baş verib- 14 yaşlı qız 50 yaşlı kişidən uşaq dünyaya gətirib. Uşaq ana olduqdan sonra hekayə ictimailəşib. Araşdırma klinikanın verdiyi məlumatla başlayıb.
Dəhşətli hekayə bununla bitmir - istintaq zamanı məlum olub ki, 50 yaşlı kişi qurbanın kiçik bacısına da cinsi təcavüz edib. Həmin şəxs pedofil kimi həbs edilib. Telavi məhkəməsi onu bütün ittihamlar üzrə təqsirli bilib.
İstintaqın məlumatına görə, azyaşlı bacıların dəhşətli hekayəsi 2 il davam edib. Məktəb ciddi hadisədən xəbərdar olub və lazımi addımlar atıb. İndi bacılar artıq bu məktəbdə oxumurlar və direktor təfərrüatları müzakirə etməkdən çəkinir.
Məktəbə, klinikaya və sosial işçiyə məlumat verildikdən sonra başlayan istintaqa bacılar ətraflı ifadələr veriblər. Onlar 50 yaşlı kişinin cinayət törətdiyi bütün yerlərin adını çəkiblər. Onların ifadələrindən sonra saxlanılan şəxsə qarşı irəli sürülən ittihamlar getdikcə ağırlaşsa da, həmin şəxs əvvəldən ittihamları rədd edib.
Qonşular hələ də dəhşətli hekayəyə inanmaqda çətinlik çəkirlər.
Ağır ittihamlarla mühakimə olunan şəxsin vəkili şərh verməkdən imtina edib. Məhkumun ailəsi açıq danışmaq istəməyib.
Qapalı keçirilən iclasda pedofiliyada ittiham olunan şəxs bir neçə arqumentlə özünü müdafiə edib. Onu da öyrəndik ki, məhkumun dostu olan zərərçəkmiş uşaqların anası öz uşaqlarına inanmayıb.
Prokurorun bizə dediyinə görə, işdə tutarlı sübutlar var və təqsirli hökm də buna əsaslanıb. İş üzrə prokuror apellyasiya məhkəməsinin 17 illik cəzanı qüvvədə saxlamasını gözləyir.
İndi növbə Tbilisi Apellyasiya Məhkəməsindədir. Yaxın aylarda o, 50 yaşlı kişinin taleyini həll etməlidir.
Əldə etdiyimiz məlumata görə, zərərçəkmiş kimi tanınan bacılar və məhkum və zərərçəkmişin ortaq övladı hazırda təhlükəsiz mühitdədir.
mənbə: marneulifm