"Qldani həbsxanasının" sabiq direktoru 9 il azadlıqdan məhrum edilib

Tbilisi Şəhər Məhkəməsi Qldani №8 Penitensiar Müəssisəsinin keçmiş direktoru Aleksandre Muxadzeni 9 il müddətinə azadlıqdan məhrum edib. Hökm 27 may tarixində elan olunub və bu barədə məlumatı Prokurorluğun mətbuat xidməti yayıb.
İstintaqın versiyasına görə, 2011-ci ilin may ayında Cəzaçəkmə Müəssisələrinin Departamentinin 8-ci müəssisəsində Meqis Kardava və Aleksandre Muxadze narkotik maddələrin əldə edilməsi və saxlanılması faktına görə saxlanılmış
şəxsdən olmayan terror aktlarında iştirak etdiyini etiraf etməsini və guya bu fəaliyyətlərdə iştirak edən digər şəxslər barəsində də ifadə verməsini tələb ediblər. Əks halda isə zorlama ilə hədələyiblər.
“İstənilən ifadədən imtina etdikdən sonra zərərçəkmişə başqa bir məhkuma qarşı törədilən seksual zorakılığı izləməyə məcbur etdilər və dedilər ki, əgər istədikləri etirafedici ifadəni verməsə, onu da zorlayacaqlar”, – deyə Prokurorluğun məlumatında qeyd olunur.
Həmçinin bildirilir ki, zərərçəkmiş şəxs Aleksandre Muxadzenin, Meqis Kardavanın və müəssisənin digər əməkdaşlarının dəfələrlə işgəncə verməsi səbəbilə intihara cəhd edib.
Aleksandre Muxadze 2021-ci ilin noyabrında prokurorluq tərəfindən məsuliyyətə cəlb edilib. Həmin vaxt istintaq orqanı bildirmişdi ki, o, ifadə verməkdən yayındığı üçün, işgəncəyə görə ona qarşı ittiham Gürcüstan CM-nin 144^1-ci maddəsinin ikinci hissəsi ilə qiyabi qaydada irəli sürülüb. Bu cinayətə görə 9 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Ona qarşı Gürcüstan məhkəmələri tərəfindən iki başqa məhkumedici hökm də çıxarılıb. Hazırda o, saxlanılmayıb və Gürcüstan tərəfindən axtarışa verilib.
Bu işin digər iştirakçılarına – Meqis Kardava, Oleq Patsatsia və Viktor Qaçeişviliyə qarşı ayrıca istintaq aparılır və işi Tbilisi Şəhər Məhkəməsi araşdırır. Meqis Kardava 2021-ci ilin sentyabr ayından həbsdədir. Onun barəsində ən azı beş hökm çıxarılıb.
mənbə: marneulifm