Qızını illərlə istismar edən şəxs həbsxanaya göndərildi

Jun 6, 2026 - 23:22
 0  9
Qızını illərlə istismar edən şəxs həbsxanaya göndərildi

Kaxetidə 14 yaşlı qızına qarşı cinsi zorakılıq etməkdə şübhəli bilinən şəxs barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

 Xeber.ge xəbər verir ki, bu barədə qərar prokurorluğun vəsatəti əsasında qəbul edilib.

Məhkəmə iclasında təqsirləndirilən şəxsin vəkili onun 5 000 lari məbləğində girov müqabilində azadlığa buraxılmasını tələb etsə də, hakim müdafiə tərəfinin bu mövqeyini nəzərə almayıb və ittiham olunan şəxsin həbsdə qalmasına qərar verib.

İstintaq materiallarına görə, sözügedən şəxs ilkin mərhələdə ailə daxili zorakılıq, hədə-qorxu gəlmə və özgənin əmlakına ziyan vurma ittihamları ilə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Lakin istintaq hərəkətləri davam edərkən onun 14 yaşlı qızı hüquq-mühafizə orqanlarına şok bəyanatla müraciət edib. Yeniyetmə qız bioloji atasının illər boyu ona qarşı cinsi zorakılıq etdiyini və bu əməlin qurbanı olduğunu bildirib.

Məlumata görə, saxlanılan şəxs irəli sürülən ittihamları yalnız qismən — ailə daxili zorakılıq hissəsində etiraf edir.

O, doğma qızına qarşı hər hansı cinsi xarakterli zorakılıq törətdiyini qətiyyətlə rədd edir və bu ittihamla razılaşmır.

Artıq zərərçəkmiş azyaşlı qızın müvafiq tibbi-hüquqi ekspertizadan  keçirildiyi bildirilir.

Yaxın günlərdə məlum olacaq ekspertiza rəyi cinayət işinin hüquqi tövsifinin  dəqiqləşdirilməsində və yekun ittihamın formalaşmasında həlledici əhəmiyyət kəsb edəcək.

Hazırda faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin ailə daxili zorakılıq, hədə-qorxu, özgənin əmlakına ziyan vurma və yetkinlik yaşına çatmayan ailə üzvünə qarşı cinsi xarakterli digər hərəkətlərin törədilməsi maddələri ilə rəsmi istintaq hərəkətləri davam etdirilir.