Rustavi yolundakı qəzada yaralananların əməliyyatı uğurla başa çatdı

Jun 6, 2026 - 23:14
 0  12
Rustavi yolundakı qəzada yaralananların əməliyyatı uğurla başa çatdı

Rustavi-Tbilisi avtomagistralında məktəblilərin ekskursiya avtobuslarının qəzaya uğraması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin səhhəti ilə bağlı klinkadan yeni məlumat daxil olub.

Xeber.ge xəbər verir ki, qəza zamanı ağır xəsarətlər alan yetkinlik yaşına çatmış şəxslərin vəziyyəti stabilləşib.

Klinikadan verilən son məlumata görə, bədənin müxtəlif nahiyələrinin sınıqları diaqnozu ilə tibb müəssisəsinə gətirilən və həkimlər tərəfindən dərhal əməliyyata hazırlanan 2 nəfər yetkin pasiyentin cərrahiyyə əməliyyatı uğurla başa çatıb.

Həkimlər qeyd edirlər ki, uğurlu cərrahi müdaxilədən sonra hər iki yaralının ümumi vəziyyəti hazırda sabitdir və həyatları üçün hər hansı bir təhlükə yoxdur.

Xatırladaq ki, Rustavi-Tbilisi avtobanında baş verən zəncirvari qəza zamanı yüksək sürətlə hərəkət edən minik avtomobili yol kənarında dayanan və içərisində Gardabani bələdiyyəsinin Kəsəlo kənd məktəbinin 2-ci sinif şagirdlərinin olduğu iki ekskursiya mikroavtobusuna çırpılıb.

Daxili İşlər Nazirliyi tərəfindən Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə başladılmış rəsmi istintaq hərəkətləri davam etdirilir.