Qarlı və soyuq hava nə vaxta kimi davam edəcək?

Feb 21, 2025 - 14:23
 0  59
Qarlı və soyuq hava nə vaxta kimi davam edəcək?

23-25 fevral tarixlərində Qərbi Gürcüstanda yenidən qar yağacağı gözlənilir.

Bu barədə Gürcüstanın Milli Ətraf Mühit Agentliyinin məlumat yayıb.

Sinoptiklərin proqnozuna əsasən, sahilyanı bölgələrdə küləyin güclənməsi və dənizdə 4-6 ballıq fırtına müşahidə edilə bilər.

"23-25 fevral tarixlərində Qərbi Gürcüstanda qar yağacağı, bəzi bölgələrdə isə qarın güclü olacağı gözlənilir. Sahil zonalarında güclü və aramsız olaraq çox güclü külək, dənizdə 4-6 ballıq fırtına müşahidə ediləcək. Kolxeti düzənliyində gecə saatlarında havanın temperaturu -4, -6 dərəcəyə qədər enə bilər," – deyə agentlik bildirir.

Bundan əlavə, dağlıq və yüksək dağlıq ərazilərdə duman, qar fırtınası və qar uçqunu təhlükəsi var. Yollarda buzlanma, elektrik xətlərində donma hadisələri mümkündür.

Agentlik güclü qar, azalan görünürlük, qar fırtınası, buzlanma və qar uçqunu təhlükəsi səbəbindən bəzi avtomobil yollarında hərəkətin məhdudlaşdırıla biləcəyini də vurğulayıb.

Soyuq hava dalğası kənd təsərrüfatına da mənfi təsir göstərə bilər. Xüsusilə, Kolxeti düzənliyində temperaturun aşağı düşməsi nəticəsində sitrus bitkilərinin, xüsusilə limonun zədələnməsi mümkündür.

Ətraf Mühit Agentliyi təhlükə səviyyəsini orta dərəcədə qiymətləndirib və vətəndaşlara ehtiyatlı olmağı tövsiyə edib.

mənbə: Interpress