Prokurorluq Kvarelidə qadının qətli ilə bağlı yeni detalları açıqlayıb

Sep 29, 2026 - 21:54
 0  17
Prokurorluq Kvarelidə qadının qətli ilə bağlı yeni detalları açıqlayıb

Gürcüstan Prokurorluğu ağırlaşdırıcı şərtlərdə törədilmiş qəsdən adam öldürmə və başqasının əmlakına od vurmaqla ziyan vurulması faktları ilə bağlı təqsirləndirilən şəxsə ittiham irəli sürüb.

XEBER.GE xeber  verir ki, idarənin məlumatına görə, Daxili İşlər Nazirliyinin apardığı istintaqla müəyyən edilib ki, cari ilin sentyabrın 21-də Kvareli bələdiyyəsinin Almati kəndində qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş təqsirləndirilən şəxs zərərçəkənin yaşayış evinə daxil olaraq onu öldürmək niyyəti ilə küt əşya və soyuq silahdan istifadə etməklə xəsarətlər yetirib, nəticədə zərərçəkən yerindəcə həlak olub. Bundan sonra təqsirləndirilən şəxs cinayətin gizlədilməsi və sübutların məhv edilməsi məqsədilə yataq otağına od vurub.

Hüquq-mühafizəçilər təqsirləndirilən şəxsi sentyabrın 27-də saxlayıblar. Saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin "p" bəndi (ağırlaşdırıcı şərtlərdə təkrar törədilmiş qəsdən adam öldürmə) və 187-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi (başqasının əmlakına od vurmaqla ziyan vurulması) ilə ittiham elan olunub ki, bu da cəza qismində iyirmi ilə qədər və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.

Prokurorluq təqsirləndirilən şəxs barəsində qismində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətlə məhkəməyə artıq müraciət edib.