27 səfirlik: “Diplomatik missiyalara qarşı əsassız ittihamları qətiyyətlə rədd edirik”

"27 səfirlik birgə bəyanatla çıxış edərək bəzi dairələrin diplomatik missiyaların roluna və fəaliyyətinə dair ittihamlarını qətiyyətlə təkzib edir."
Bu barədə Avropa İttifaqının Gürcüstandakı Nümayəndəliyi məlumat yayıb.
“Biz Gürcüstanda bəzi diplomatik missiyaların roluna və fəaliyyətinə dair əsassız və zərərli ittihamlarını qətiyyətlə rədd edirik. Bu kimi dezinformasiya ictimaiyyəti çaşdırır və diplomatik missiyalarımızın öz vəzifələrini icra etmək imkanlarını sarsıdır. Diplomatiya təbiətinə görə, hökumət, müxalifət, vətəndaş cəmiyyəti və ümumilikdə vətəndaşlarla görüşmək normal fəaliyyətdir və tam şəkildə Vyana Konvensiyasına uyğundur. Biz heç bir konkret siyasi partiyanı dəstəkləmirik və zorakılıq və ya ekstremizmi dəstəkləməyimizlə bağlı iddialar sadəcə olaraq həqiqət deyil. Əksinə, biz bütün tərəfləri zorakılığın istənilən formasından imtina etməyə və onu pisləməyə çağırırıq”, – deyə bəyanatda qeyd olunur.
Diplomatik missiyalar həmçinin bütün siyasi liderlərə müraciət edərək, qarşıdurmanı dərinləşdirən ritorikadan çəkinməyə və səylərini gərginliyin azaldılmasına yönəltməyə çağırıblar.
Bəyanat Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Kipr, Danimarka, Estoniya, Avropa İttifaqı, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Sloveniya, İspaniya, İsveç və Böyük Britaniya səfirliklərinin adından yayımlanıb.
mənbə: interpress