Polşada Gürcüstan vətəndaşı axtarışa verildi
Polşanın Poznan şəhərinin Nove Miasto Rayon Prokurorluğu 5 aylıq körpənin ölümü ilə bağlı axtarışda olan Gürcüstan vətəndaşı, 1978-ci il təvəllüdlü Nuqzari Kavtaraşvili barəsində həbs qərarı çıxarıb.
Xeber.ge xəbər verir ki, Kavtaraşvili azyaşlı övladını ağır fiziki xəsarət təhlükəsi qarşısında qoymaqda və ona kömək göstərməməkdə şübhəli bilinir.
Xatırladaq ki, bir neçə gün əvvəl xəstəxanaya kəllə sümüyünün sınığı və çoxsaylı hematomalarla çatdırılan 5 aylıq körpə üzərində cərrahi əməliyyat aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin ifadəsinə görə, körpənin bədənindəki izlər onun uzun müddət işgəncələrə və zorakılığa məruz qaldığını göstərir.
Məlumata görə, ana tibbi prosedurlar üçün Moldovada olduğu müddətdə uşağı kirayə mənzildə atası və onun iki dostunun himayəsində qoyub. İstintaq materiallarına əsasən, saxlanılan şəxslərə qrup şəklində azyaşlıya qarşı zorakılıq və sağlamlığa ağır xəsarət yetirmə maddələri ilə ittiham irəli sürülüb. Onları 15 ilədək həbs cəzası gözləyir.
Hazırda Polşa hüquq-mühafizə organları Nuqzari Kavtaraşvilinin saxlanılması istiqamətində beynəlxalq səviyyədə əməliyyat-axtarış tədbirlərini davam etdirir.