Mixeil Saakaşvili: "Zurab Jvanyanın vəfat etdiyi mənzil kimin tərəfindən kirayələnmişdi?"

Apr 6, 2026 - 19:07
 0  96
Mixeil Saakaşvili: "Zurab Jvanyanın vəfat etdiyi mənzil kimin tərəfindən kirayələnmişdi?"

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin məhkəmə prosesində keçmiş dövlət başçısı ilə sabiq baş nazir Zurab Noğaideli arasında fiziki müstəviyə keçən şifahi qarşıdurma baş verib.

Xeber.ge xeber  verir ki, "7 noyabr işi" üzrə şahid qismində dindirilən Noğaideliyə Saakaşvili tərəfindən ünvanlanan suallar vəziyyəti gərginləşdirib. Teleqram kanallarında yayılan səs yazılarında Saakaşvilinin sabiq baş nazirə ünvanladığı "Mütləq əclaf, xain, yerinə otur!" ifadələri eşidilir.

  Məhkəmə zamanı Saakaşvili sabiq baş nazir Zurab Jvaniyanın ölümü ilə bağlı gözlənilməz sual ünvanlayıb: "Zurab Jvaniyanın ölü tapıldığı mənzili kim kirayələmişdi?". Noğaideli bu barədə məlumatı olmadığını bildirsə də, Saakaşvili həmin mənzilin Vasil Mağlaferidze tərəfindən kirayələndiyini iddia edib.

  Mixeil Saakaşvili Noğaidelinin 2008-ci il müharibəsindən sonra Rusiyaya səfərlərini xatırladaraq, onu "Gürcüstanı Rusiyaya şikayət etməkdə" ittiham edib. O, həmçinin iş adamı Badri Patarkatsişvilinin Rusiya xüsusi xidmət orqanları (FSB) ilə əlaqələri barədə suallar verib:

·         "Bilirdinmi ki, Patarkatsişvilinin pulları Rusiya mənşəlidir?";

·         "Onun mühafizə rəisinin FSB agenti olmasından xəbərin var idimi?".

Noğaideli isə cavabında Patarkatsişvilinin Rusiyadan sürgün edildiyini və bu iddiaların əsassız olduğunu bildirib.

  Qarşıdurma səbəbindən məhkəmə iclasında fasilə elan edilib. Xatırladaq ki, "7 noyabr işi" 2007-ci ildə müxalifətin mitinqinin dağıdılması və "İmedi" telekanalına basqınla bağlıdır. Mixeil Saakaşvili bu iş üzrə vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.