Marneulidə üç nəfər saxlanıldı - VİDEO

Jul 19, 2025 - 13:36
 0  14

Kvemo Kartli Polis Departamentinin Marneuli rayon idarəsinin əməkdaşları keçirdikləri kompleks əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Türkiyə Respublikasının üç vətəndaşını saxlayıblar.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Onlara qarşı Gürcüstan dövlət sərhədini qanunsuz keçmək, odlu silah və döyüş sursatını qanunsuz əldə etmək, saxlamaq və gəzdirmək, eləcə də bu işlərə yardım etmək ittihamları irəli sürülüb.

DİN-in məlumatına əsasən, saxlanılanlardan biri – 2000-ci il təvəllüdlü G.İ. – Türkiyə İnterpolu tərəfindən iki nəfərin qəsdən qətlinə görə qırmızı bülletenlə beynəlxalq axtarışda idi. Digər saxlanılan şəxslər 1999-cu il təvəllüdlü İ.J. və 1980-ci il təvəllüdlü Ş.İ.-dir.

İstintaq müəyyən edib ki, İ.J. və G.İ. Gürcüstan dövlət sərhədini sərhəd nəzarətindən yan keçməklə qanunsuz şəkildə keçiblər. Hər üç şəxs Tetritskaroyda avtomobildə hərəkət edərkən saxlanılıb. Onların üzərindən odlu silah və 13 ədəd güllə maddi sübut kimi götürülüb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 344-cü (dövlət sərhədinin qanunsuz keçilməsi), 25-236-cı və 236-cı (odlu silah və sursatın qanunsuz əldə edilməsi, saxlanması və daşınması) maddələri ilə aparılır. İttiham edilən şəxsləri 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

mənbə: interpress