Gürcüstanda 18 yaşlı azərbaycanlı qızın ölümünə səbəb olan sürücü saxlanılıb
Gürcüstanda yol hərəkəti təhlükəsizliyi qaydalarını pozmaqda və nəticədə insan ölümünə səbəb olmaqda ittiham edilən 1992-ci il təvəllüdlü M.M. adlı şəxs saxlanılıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs ötən gün Qardabani rayonunda alkoqollu içkinin təsiri altında idarə etdiyi avtomobillə 2007-ci il təvəllüdlü A.Q. adlı piyadanı vurub. Aldığı xəsarətlərdən gənc hadisə yerində ölüb.
Hüquq mühafizə orqanlarının əməkdaşları sürücünü yol qəzasından sonra “isti izlər”lə saxlayıblar.
Faktla bağlı istintaq aparılır. Törədilmiş cinayət əməlinə görə 7 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Yayılan məlumatlara əsasən, qəza nəticəsində ölən gəncin Aidə Qurbanova olduğu müəyyən edilib.