Marneulidə seçki məntəqəsində fiziki qarşıdurma olub

Oct 26, 2024 - 14:51
 0  72

Marneulinin Qızılhacılı kəndində 74 saylı seçki məntəqəsində “Gürcü Arzusu”nun nümayəndələri ilə “Milli Hərəkat”ın üzləri arasında qarşıdurma baş verib.

Hadisə yerinə polis əməkdaşları səfərbər olunub.

Əməkdaşımızın hadisə yerindən verdiyi məlumata görə, “Gürcü Arzusu”nun nümayəndələri “Milli Hərəkat”ın üzvlərinin seçki məntəqəsinə qaz balonu atdığını və bununla təxribat törətmək istədiklərini bildirirlər. “Milli Hərəkat”ın nümayəndələri isə bunun yalan olduğunu qeyd ediblər.

Marneuli meriyasında “Gürcü Arzusu”nun üzvü Ceyhun Çovdarov deyib ki, əllərində kamera, qaz və silah olan 100-ə yaxın şəxs seçki məntəqəsinə gəlib, bundan sonra insident yaranıb.

İnsident nəticəsində “Milli Hərəkat”ın Marneuli qərargahının rəhbəri Azad Kərimov ağır xəsarətlər alıb.

“Gürcü Arzusu” seçkilərdə zor gücünə qalib gəlməyə çalışır, ancaq buna nail ola biməyəcəklər. Qızılhacılı kəndinin majoritar deputatı qeyri-insani rəftarla 30 nəfərlə üzərimə gəldi. Bu gün vətəndaşlar onların sonunun gəlməsi üçün səslərini verirlər. Bütün Marneuli əhalisi bilməlidir ki, bu insanlar zor tətbiq edərək seçkilərə nail olmaq istəyirlər. Bu insanar bu gün özlərini idarə edə bilmirlər, xalqı necə idarə edəcəklər? Onların bizə etdikləri göz qabağındadır”, - deyə Azad Kərimov bildirib.