Marneulidə hədə-qorxu ilə pul və qızıl tələb edən şəxs saxlanılıb
Daxili İşlər Nazirliyinin məlumatına görə, Kvemo Kartli bölgəsinin Marneuli şəhərində külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə ittihamı ilə yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.
XEBER.GE xəbər verir ki, İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2025-ci ilin sentyabr ayından etibarən hədə-qorxu və fiziki zorakılıq təhdidləri ilə məktəb yoldaşından sistemli olaraq pul və qiymətli əşyalar tələb edib. Həmçinin məlum olub ki, zərərçəkmiş şagird müxtəlif vaxtlarda saxlanılan şəxsə ümumilikdə 1 350 lari pul və 10 000 lari dəyərində qızıl zinət əşyaları verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları iş üzrə həyata keçirilən kompleks operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxsi şübhəli qismində yaxalayıblar", – deyə DİN-in bəyanatında bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə istintaq aparılır. Bu maddə 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.