Prokurorluq Bolnisidə baş verən ağır yol qəzası ilə bağlı bəyanat yayır

Jan 2, 2025 - 13:05
 0  261
Prokurorluq Bolnisidə baş verən ağır yol qəzası ilə bağlı bəyanat yayır

Gürcüstan Prokurorluğu Bolnisi Bələdiyyəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki azyaşlının ölümünə görə bir nəfərə qarşı ittiham irəli sürüb.

Bu barədə prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilib ki, 2024-cü il dekabrın 30-da Bolnisi Bələdiyyəsində avtomobil ilə hərəkət edərkən ittiham olunan şəxs diqqətsizlik göstərib, nəqliyyat vasitəsini təhlükəsiz idarə edə bilməyib və iki azyaşlıya çırpılıb.

Prokurorluğun məlumatına görə, zərərçəkənlər aldıqları xəsarətlər nəticəsində hadisə yerində vəfat ediblər.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları ittiham olunan şəxsi elə həmin gün saxlayıb. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi (nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulması, iki nəfərin ölümünə səbəb olan) üzrə ittiham irəli sürülüb. Prokurorluğun vəsatəti əsasında məhkəmə ittiham olunan şəxs barəsində həbs qətimkan tədbiri seçib. Cinayət işi üzrə istintaq davam edir”, - deyə prokurorluğun yaydığı məlumatda bildirilib.

mənbə: interpress