Marneulidə ağır cinayət: Həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb
Gürcüstanın Marneuli rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən bıçaqlanma hadisəsi baş verib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Xeber.ge xəbər verir ki,
İstintaqla müəyyən edilib ki, 2001-ci il təvəllüdlü A.İ. Marneuli bələdiyyəsi ərazisində aralarında yaranmış mübahisə zəminində həmkəndlisi, 1998-ci il təvəllüdlü İ.K.-ya soyuq silahla (bıçaqla) bədən xəsarəti yetirib. Hadisəni törətdikdən sonra şübhəli şəxs ərazidən qaçaraq gizlənib.
Yaralı şəxs dərhal təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Hazırda ona lazımi tibbi yardım göstərilir.
Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində A.İ. saxlanılaraq istintaqa cəlb olunub. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi (Sağlamlığa qəsdən ağır zərər vurma) ilə cinayət işi başlanılıb.
Bu maddə üzrə təqsirləndirilən şəxsi 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Hazırda istintaq davam edir.