Marneulidə 10 yaşlı uşağı vuraraq öldürən sürücü saxlanılıb

Apr 29, 2026 - 12:15
 0  35
Marneulidə 10 yaşlı uşağı vuraraq öldürən sürücü saxlanılıb

Gürcüstanın Marneuli bələdiyyəsində baş vermiş ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bir nəfər saxlanılıb. Azyaşlı məktəblinin ölümü ilə nəticələnən qəzanı törətməkdə şübhəli bilinən şəxs 19 yaşlı gəncdir.

 Xeber.ge xəbər verir ki, hadisə ötən gün Marneuli ərazisində qeydə alınıb.

  Məlumata əsasən, 19 yaşlı sürücünün idarə etdiyi avtomobil yolu keçmək istəyən 10 yaşlı məktəblini vurub.

Zərbənin güclü olması nəticəsində azyaşlı aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

  Qəzadan dərhal sonra hadisə yerində vəziyyət gərginləşib və sakinlər tərəfindən narazılıq ifadə olunub.

Ərazidə asayişi təmin etmək və gərginliyin qarşısını almaq üçün polis briqadaları hadisə yerinə cəlb edilib.

  Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi (Nəqliyyat vasitəsinin hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan adam ölümünə səbəb olduqda) ilə cinayət işi başlanılıb.

Saxlanılan 19 yaşlı gənc barəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir.