Qardabanidə bacısını qətlə yetirən şəxsə ömürlük həbs cəzası verilib
 
                                Prokurorluğun vəsatəti əsasında Tbilisi Apellyasiya Məhkəməsi Rustavi Şəhər Məhkəməsinin hökmünü dəyişdirib və 30 yaşlı kişiyə 18 illik həbs cəzası əvəzinə
ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edib. O, 2024-cü il mayın 16-da Qardabanidə bacısını qətlə yetirmişdi.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs bacısının şəxsi həyatı ilə bağlı məsələlərdə müstəqil qərar verməsinə mane olurmuş. O, bacısının həyat yoldaşından ayrılmasını ailənin şərəfinə təhqir hesab edirmiş.
Bu səbəbdən, 2024-cü il mayın 16-da, Qardabanidə, təqsirləndirilən şəxs əvvəlcə avtomobillə bacısına çırpılıb, daha sonra isə ona bıçaqla həyat üçün təhlükəli ağır xəsarətlər yetirib. O, hadisə yerindən qaçaraq gizlənib. Aldığı xəsarətlər nəticəsində qadın hadisə yerində ölüb.
Məhkum həmin gün polis tərəfindən saxlanılıb, hadisə yerindən cinayətdə istifadə olunan bıçaq da maddi sübut kimi götürülüb. O, xüsusi qəddarlıqla qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilinib.
Qətldə Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin bir neçə bəndi də (o cümlədən gender zəminində, ailə üzvünə qarşı və qabaqcadan məlum olan aciz vəziyyətdə olan şəxsi öldürmə) yer alır.
mənbə: marneulifm
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            