“Lider çatışmazlığı şəraitində yeganə düzgün yol özünü təşkilatlandırmaqdır”

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili bildirib ki, cəmiyyətin aktiv hissəsi təşəbbüsü öz üzərinə götürməli və bir dairədə dolanmağı dayandırmalıdır. Onun sözlərinə görə, liderlərin çatışmazlığı şəraitində özünü təşkilatlandırmaq yeganə düzgün yoldur.
ISaakaşvili bu barədə öz “Facebook” səhifəsində paylaşım edib.
Saakaşvili bölgədəki geosiyasi proseslərə toxunaraq qeyd edib ki, bu proseslər Gürcüstan üçün əlverişlidir, lakin vaxt itirmək olmaz:
“Cənubi Qafqazda baş verənlər Rusiyanın Ukraynadakı zəifləməsinin birbaşa nəticəsidir. Uğursuz müharibədən sonra Paşinyan Ermənistanda mənim 2011-2012-ci illərdə etmədiyimi etdi – erməni milyarder Karapetyanı həbs etdi. Paşinyan rəsmi olaraq Avropa İttifaqına üzvlük kursunu götürdü.
Bakı NATO ilə əməkdaşlığa başladı, Azərbaycan Rusiyanı birbaşa təhlükə kimi görür və öz siyasi, iqtisadi və mədəni məkanını rus təsirindən təmizləmək üçün fəal addımlar atır. Bundan əlavə, Azərbaycanla Ermənistan arasında yaxınlaşma prosesi də başladı ki, bu da Rusiya üçün ağır zərbədir.
Belə bir vəziyyətdə Gürcüstan tam bir anomaliyadır. Bir tərəfdən, cəmiyyət İvanişviliyə və onun dəstəsinə tamamilə nifrət edir. Bu bandit qrupunun zorakılığı, özbaşınalığı və ədalətsizliyi fonunda gürcülər haqlı olaraq beynəlxalq təcridin ölkə üçün dağıdıcı olduğunu düşünürlər. “Qotslər” (hakimiyyət tərəfdarları) də öz siyasi mənsubiyyətlərini etiraf etməkdən utanırlar, çünki özləri də çətinlik və alçaldılma içindədirlər.
Belə bir şəraitdə hamı deyir ki, belə davam edə bilməz və “nə isə olacaq”. Amma başa düşməliyik ki, o “nə isə” özü-özünə olmayacaq.
Cəmiyyətin aktiv hissəsi təşəbbüsü öz üzərinə götürməli və bir dairədə dolanmağı dayandırmalıdır. Geosiyasi proseslər bizə çox kömək edir, amma bizim də itiriləcək vaxtımız yoxdur.
Lider çatışmazlığı şəraitində yeganə düzgün yol özünü təşkilatlandırmaqdır.”
mənbə: interpress