Liaxvi çayında batan rusiyalı rejissorun cəsədi Qori yaxınlığında tapılıb

May 24, 2026 - 14:14
 0  21
Liaxvi çayında batan rusiyalı rejissorun cəsədi Qori yaxınlığında tapılıb

Gürcüstanın daxili sularında bədbəxt hadisə nəticəsində itkin düşən rusiyalı rejissorun cəsədi tapılıb.

Xeber.ge "Kartlis Ambebi" nəşrinə və separatçı rejim mənbələrinə istinadən verdiyi məlumata görə, de-fakto "Cənubi Osetiya"nın xilasetmə xidməti 52 yaşlı qadının meyitini hadisə yerindən təxminən 35 kilometr uzaqlıqda aşkarlayıb.

Məlumata görə, 52 yaşlı rusiyalı qadın mayın 21-də işğal altındakı Cava rayonu ərazisində Böyük Liaxvi çayı üzərindəki piyada (asma) körpüdən suya yıxılaraq axına düşüb.

De-fakto qurumlar cəsədin dəqiq koordinatını rəsmən açıqlamasalar da, axtarış-xilasetmə əməliyyatının Gürcüstan mərkəzi hökumətinin nəzarətində olan Qori bələdiyyəsinin Nikozi kəndi yaxınlığındakı su bəndinin ərazisində başa çatdığı bildirilir. Çayın axını cəsədi işğal xəttini keçərək mərkəzi kəndin yaxınlığına gətirib.

  Məlumata görə, rusiyalı rejissor qadın və onun rəhbərlik etdiyi çəkiliş qrupu işğal altındakı Cava rayonuna rəsmi Tbilisinin icazəsi olmadan, qanunsuz daxil olublar.

Onların bölgədə Rusiya tərəfindən Ukraynaya qarşı vuruşan osetiyalı muzdlu döyüşçülər barədə xüsusi təbliğat (propaganda) filmi çəkdiyi məlum olub. Hadisənin məhz çəkiliş prosesi zamanı, ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.