Laşa Qabitaşvilinin Gürcüstan vətəndaşlığı ləğv edilib

May 19, 2025 - 18:55
 0  40
Laşa Qabitaşvilinin Gürcüstan vətəndaşlığı ləğv edilib

Avrointeqrasiya yönümlü aksiyaların fəal iştirakçısı olan Laşa Qabitaşvilinin Gürcüstan vətəndaşlığına son verildi. Rəsmi səbəb kimi ikili vətəndaşlıq göstərilir – Qabitaşvili İsrail pasportunu həyat yoldaşı ilə evləndikdən sonra alıb, Gürcüstan vətəndaşlığını saxlamaq üçün isə bu ilin fevralında Ədliyyə Nazirliyinə müraciət edib.

Laşa Qabitaşvili ictimaiyyətə Əbu-Dabidə “Gürcü Arzusu”nun üzvləri ilə baş verən insidentdən sonra tanınmağa başladı. Həmin hadisədə Viktor Sanikidze və İrakli Zarkua onu fiziki zorakılığa məruz qoymuşdular.

“Mən sizinlə ‘Gürcü Arzusu’nun daha bir mənfur qərarını bölüşmək istəyirəm: onlar mənim Gürcüstan vətəndaşlığımı əlimdən aldılar, baxmayaraq ki, mən Gürcüstanda doğulmuşam, böyümüşəm və bütün həyatımı burada yaşamış və fəaliyyət göstərmişəm. Ədliyyə Evi vətəndaşlığın uzadılmaması barədə qərar qəbul etdi”, – deyə Laşa Qabitaşvili bildirib.

O, Gürcüstan vətəndaşlığını geri qaytarmaq üçün hüquqi mübarizə aparacağını deyir:

“Mən Gürcüstan vətəndaşlığından imtina etməmişəm, əksinə, dedim ki, onu saxlamaq istəyirəm. Amma təəssüf ki, onlar mənə imtina cavabı verdilər və vətəndaşlığımı əlimdən aldılar.”

Azadlıq Radiosu bu məsələ ilə bağlı Gürcüstan Ədliyyə Nazirliyinə müraciət edib, cavab verildiyi halda məqalə yenilənəcək.

Gürcüstan Xarici İşlər Nazirliyinin rəsmi saytında qeyd olunur ki, “başqa ölkənin vətəndaşlığını alan şəxs həmin ölkənin vətəndaşlığını əldə etməzdən əvvəl Gürcüstan dövlətindən Gürcüstan vətəndaşlığını saxlamaq üçün razılıq alarsa, Gürcüstan vətəndaşlığını saxlaya bilər”.

Radio Azadlığın məlumatına görə, Laşa Qabitashvili artıq İsrail pasportunu əldə etmişdi ki, bu halda Gürcüstan vətəndaşlığını saxlamaq üçün etdiyi müraciət rədd olunub.

2024-cü ilin yazında “agentlər haqqında qanun”un qəbul olunması və payızın sonunda “Gürcü Arzusu”nun Avropa İttifaqına üzvlük danışıqlarının 2028-ci ilə qədər gündəmdə olmayacağını bəyan etməsi ictimai narazılığa səbəb olub. Etirazçılardan bəziləri bu partiyanın üzvlərinə “qullar” deyə müraciət edirdi.

Həmin şəxslərdən biri də Laşa Qabitaşvili idi – o, yanvarın 12-də Əbu-Dabidə səfərdə olan “Gürcü Arzusu” üzvləri ilə qarşılaşıb və onlara “qul” deyib. Ertəsi gün, yanvarın 13-də, Əbu-Dabidəki “Redison” otelinin restoranında həmin partiyanın üzvləri ona hücum ediblər.

Bir neçə həftə sonra Gürcüstana qayıdan Laşa Qabitaşviliyə yaşadığı evin yaxınlığında üzlərini gizlətmiş naməlum şəxslər hücum ediblər.

“Əbu-Dabidə özləri edə bilmədiklərini yerinə yetirmək üçün icraçılar göndərdilər. Onlar bizi qorxutmaq istəyirlər, amma qorxuda bilməyəcəklər”, – deyə o vaxt Qabitaşvili bildirib və hücumu “Gürcü Arzusu” ilə əlaqələndirib.

Hazırda mətbuata polis tərəfindən Laşa Qabitaşviliyə hücum edənlərin saxlanıb-saxlanılmadığı məlum deyil.

mənbə: marneulifm