Kodada gecə yarısı atışma: Prokurorluq polis əməkdaşını araşdırır-VİDEO
Gürcüstanın Koda kəndində gecə saatlarında səs-küylü qarşıdurma və silahlı insident baş verib. Yerli sakinlər kənd ərazisində yerləşən avtoyuma məntəqəsindən bir neçə atəş səsi eşidiblər.
Xeberşge "TV Pirveli"yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər yaralanıb. Əraziyə dərhal təcili tibbi yardım briqadaları cəlb olunub.
İlkin və hələlik rəsmən təsdiqlənməmiş məlumatlara görə, avtoyuma məntəqəsində atəş açan şəxs Daxili İşlər Nazirliyinin fəaliyyətdə olan əməkdaşıdır.
Məhz bu səbəbdən hadisə ilə bağlı araşdırmalara prokurorluq orqanları tərəfindən başlanılıb.
Sakinlərin bildirdiyinə görə, Koda kəndində bütün gecə boyu istintaq hərəkətləri davam edib. Avtoyuma məntəqəsinin ətrafı polis tərəfindən sarı lentlərlə hasara alınıb, ekspert-kriminalistlər ərazidə işləyiblər.
Hazırda prokurorluğun hansı maddə ilə cinayət işi açdığı və şübhəli şəxsin saxlanılıb-saxlanılmadığı barədə rəsmi açıqlama gözlənilir.