Kobaxidze Aİ ilə Gürcüstan arasında vizasız rejimin ləğv ediləcəyini gözləmir
Avropa İttifaqının Gürcüstanla vizasız gediş-gəliş rejimini ləğv edəcəyini gözləmirəm, çünki bu, onların əlində son silahdır.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” telekanalının “İmedi Live” proqramında deyib.
Onun sözlərinə görə, Brüssel gürcü xalqının şantajı üçün bütün alətlərdən istifadə edib və yalnız vizasız rejimin dayandırılması qalıb.
“Hamı anlayır ki, son atəşdən istifadə etsələr, məqsədlərinə çatmayacaqlar və yenə də kollektiv “Milli Hərəkat”ı hakimiyyətə qaytara bilməyəcəklər”, - Kobaxidze əlavə edib.
Baş nazir qeyd edib ki, Aİ vizasız rejimin ləğvi barədə qərar qəbul etsə, bu, qeyri-praqmatik addım olacaq.
Qeyd edək ki, noyabrın 17-də Aİ Şurası Gürcüstan da daxil olmaqla 61 ölkə ilə vizasız rejimin ləğvi prosesini sadələşdirən islahatı dəstəkləyib.
Xatırladaq ki, Aİ və Gürcüstan arasında vizasız rejim 2017-ci ilin martın 28-dən qüvvədədir.
mənbə: apa