Kedadə şantaj edən dəstə zərərsizləşdirilib
Kedadə külli miqdar əmlak əldə etmək məqsədilə qrup halında törədilmiş hədə-qorxu ilə tələb və qanunsuz olaraq narkotik vasitə əldə etmə-saxlama ittihamı ilə bir nəfər saxlanılıb, üç şəxsə isə – o cümlədən xaricdə gizlənən qondarma "kriminal avtoritetə" ittiham elan olunub.
XEBER.GE xeber verir ki, DİN-in bəyanatında yazıldığına görə, gizli istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər qanunsuz maliyyə mənfəəti əldə etmək məqsədilə Keda bələdiyyəsinin kəndlərinin birində yaşayan və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan kişidən sistemli şəkildə müxtəlif məbləğdə pul tələb edir, tələb yerinə yetirilmədikdə isə biznes fəaliyyətini məcburi dayandırmaqla və əmlakını məhv etməklə hədələyirdilər. Həmçinin təsdiq olunur ki, təqsirləndirilən şəxslər zərərçəkənə qarşı psixoloji təzyiq göstərir, onu təhqir edir və fiziki qisas almaqla hədələyirdilər.
Cinayətkar qrupun üzvləri hədə-qorxu və qorxutma üsulu ilə sahibkardan müxtəlif vaxtlarda 190 000 lariyə yaxın pul və mikroavtobus qoparıblar.
Polis keçirilmiş axtarış nəticəsində maddi sübut kimi hədə-qorxu yolu ilə qanunsuz ələ keçirilmiş mikroavtobusu və "metadon" narkotik vasitəsini, həmçinin gizlənən kriminal avtoritetin ailə üzvlərinin sahibliyində olan, cinayət yolu ilə əldə edilmiş pul ödənişi ilə alınmış 2 avtomobili götürüb.
Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 181-ci və 260-cı maddələri ilə aparılır ki, bu da 7 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.