Kaxetidə müəllimə güllələnib
Laqodexi bələdiyyəsinin Vardisubani kəndində qanlı hesablaşma baş verib. Hadisə nəticəsində yerli məktəbin qadın müəllimi odlu silahdan açılan atəşlə ağır yaralanıb.
Xeber.ge "Kaxetidən Əsas Xəbərlər" nəşrinə istinadən verdiyi məlumata görə, hadisə gecə saat 00:00 radələrində qeydə alınıb.
Naməlum şəxs qadının yaşadığı evin yaxınlığına gələrək onu çağırıb.
Müəllimə bayıra çıxdıqdan sonra həmin şəxs odlu silahdan iki dəfə atəş açıb.
Zərərçəkmiş baş və qarın nahiyəsindən ağır güllə yaraları alıb.
Yaralı əvvəlcə Laqodexi klinikasına çatdırılsa da, vəziyyətinin ağırlığı nəzərə alınaraq sonradan Tbilisi xəstəxanalarından birinə köçürülüb.
Yerli sakinlərin verdiyi məlumata görə, hücumun hədəfi əslində müəllimənin oğlu olub.
Lakin hadisə zamanı gənc oğlan evdə olmadığı üçün cinayətkarın hədəfinə anası çevrilib.
Kənddə əsas versiya kimi cinayətin məhz oğluna görə törədildiyi ehtimal edilir.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir. Məlumata görə, polis əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Tsodniskari kənd sakini olan bir nəfər kişiyi saxlayıb.