Gürcüstan DTX-dən casusluq əməliyyatı: Gizli kamera görüntüləri yayıldı-VİDEO

May 8, 2026 - 21:15
 0  47

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) Giorgi Uzilaurinin mümkün casusluq fəaliyyətini əks etdirdiyi iddia edilən video materialı ictimaiyyətə təqdim edib.

Xeber.ge xeber  verir ki, təxminən bir dəqiqəlik görüntülər yaşayış evində quraşdırılmış gizli kamera vasitəsilə əldə edilib.

 Çəkilişdə iki şəxs arasında dialoq əks olunub. İngilis dilində danışan şəxslərdən biri digərinə əlaqə qurma yolları barədə təlimatlar verir.

Görüntülər zərfin ötürülməsi və müəyyən sənədin imzalanması kadrları ilə başa çatır.

Məxfi iş materiallarının açıqlanmasını "Gürcü Arzusu" partiyasının icraçı katibi Mamuka Mdinaradze tələb edib. O, videonun yayılmasından bir qədər əvvəl anons verərək, bu kadrların cəmiyyətdəki şübhələri aradan qaldıracağını bildirib.

Mdinaradzenin sözlərinə görə, Giorgi Uzilauri Avropa ölkələrindən birinin xeyrinə casusluq etməkdə ittiham olunur. O əlavə edib ki, Gürcüstan tərəfi bu məsələ ilə bağlı avropalı tərəfdaşlarına əvvəllər də müvafiq siqnallar göndərib.

G. Uzilaurinin vəkili isə ittihamları rədd edib. Müdafiəçinin qənaətinə görə, nə yayımlanan qısa video, nə də tərəflərin artıq araşdırdığı tam qeydlər müvəkkilinə qarşı irəli sürülən casusluq ittihamını təsdiq etmir.

Hazırda faktla bağlı məxfi istintaq tədbirləri davam etdirilir.