Kaxa Kaladze: "Salome Zurabişvili kənardan idarə olunur"

Apr 16, 2026 - 15:29
 0  14
Kaxa Kaladze: "Salome Zurabişvili kənardan idarə olunur"

 

Tbilisi meri və "Gürcü Arzusu" partiyasının liderlərindən biri Kaxa Kaladze Gürcüstanın beşinci prezidenti Salome Zurabişvilinin seçkilərlə bağlı sosial şəbəkədəki son açıqlamalarına sərt reaksiya verib.

Kaladze prezidenti və müxalifəti "xarici qüvvələrin maraqlarına xidmət etməkdə" ittiham edib.

 Xeber.ge xəbər verir ki, paytaxt meri jurnalistlərə açıqlamasında həm Zurabişviliyə, həm də bütün müxalifət spektrinə qarşı kəskin ifadələr işlədib.

  Kaladze qeyd edib ki, prezidentin və müxalifətin qəbul etdiyi bütün qərarlar müstəqil deyil və kənar diktə ilə həyata keçirilir:

"Salome Zurabişvilinin və müxalifətin belə bir illüziyası var ki, kimsə kənardan əmrlər verəcək, manipulyasiyalarla Gürcüstan xalqının iradəsinə təsir edəcək. Bu, sizdə alınmayacaq. Seçkilərin əhəmiyyətini indi anladınız? Bilin ki, bu ölkədə hakimiyyətin kim olacağına yalnız Gürcüstan xalqı qərar verəcək. Kənardan kimlərinsə planları ilə hakimiyyət dəyişikliyi xülyasına düşməyin."

  Kaxa Kaladze prezidenti və müxalifət liderlərini birbaşa hədəf alaraq onları dövlətə xəyanətdə ittiham edib:

"Gürcü xalqı kimin kim olduğunu, Zurabişvilinin kimə xidmət etdiyini və kimin təsiri altında olduğunu çox yaxşı bilir. İstər fərdi şəkildə, istərsə də yeni partiyalar yaradaraq fərqli adlar altında çıxış edin, bunun sizə faydası olmayacaq. Sizin bir əsas adınız var – siz xainsiniz. Gürcüstan dövlətinə qarşı düşmənçilik fəaliyyəti göstərən hər kəsə bunu deyirəm."

  Xatırladaq ki, Salome Zurabişvili öz müraciətində vətəndaşları seçkilərdə tam səfərbər olmağa çağırıb. Prezidentin fikrincə, seçkilərdə iştirak ölkədə həlledici dəyişikliklərə nail olmağın yeganə yoludur və bu prosesdə hər bir vətəndaşın səsi böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Gürcüstanda qarşıdan gələn seçkilər ərəfəsində iqtidar və prezident institutu arasında qarşıdurma ən yüksək həddə çatıb.