Jinvali-Barisaxo-Şatili yolunda torpaq sürüşməsi
Ötən gecə baş verən əlverişsiz hava şəraiti səbəbindən daxili dövlət əhəmiyyətli Jinvali-Barisaxo-Şatili avtomobil yolunda torpaq sürüşməsi baş verib. "Pşavi" ərazisində xırda dərələr və çaylar daşaraq yola ziyan vurub.
Bu barədə məlumat və fotolar sosial şəbəkənin "Pkhovi" feysbuk səhifəsində paylaşılıb.
XEBER.GE xəbər verir ki, sosial şəbəkədə vətəndaşlara xəbərdarlıq edilib və təmizləmə işləri başa çatana qədər bu istiqamətdə hərəkət etməkdən çəkinmələri tövsiyə olunub.
Gürcüstanın Avtomobil Yolları Departamentinin verdiyi rəsmi məlumata görə, güclü yağışlar nəticəsində Jinvali-Barisaxo-Şatili avtomobil yolunun 29-cu kilometrliyində (Mağaroskari kəndi yaxınlığında) irimiqyaslı torpaq sürüşməsi aktivləşib.
Yaranmış təhlükəli vəziyyətlə əlaqədar, müvafiq təmizləmə və bərpa tədbirləri həyata keçirilənədək sözügedən yol sahəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağan edilib.
Hazırda əraziyə xüsusi texnika və canlı qüvvənin cəlb olunması istiqamətində işlər aparılır.