İki nəfəri qətlə yetirən şəxs 19 il 6 ay həbs cəzasına məhkum edildi

Apr 8, 2025 - 18:58
 0  53
İki nəfəri qətlə yetirən şəxs 19 il 6 ay həbs cəzasına məhkum edildi

Telavi Rayon Məhkəməsi iki nəfərin qəsdən, ağırlaşdırıcı şəraitdə qətlinə görə təqsirləndirilən şəxsi tam şəkildə günahkar hesab edərək 19 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.

Qurumun məlumatına görə, məhkəmə baxışı zamanı təqdim olunmuş sübutlarla müəyyən edilib ki, 2024-cü il 24 iyul tarixində Telavi bələdiyyəsinin Lalisquri kəndində, təqsirləndirilən şəxs şəxsi mübahisə zəminində odlu silahdan atəş açaraq iki nəfəri yaralayıb. Aldıqları xəsarətlər nəticəsində hər iki zərərçəkən hadisə yerində dünyasını dəyişib.

Təqsirləndirilən şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “l” bəndi (iki nəfərin ağırlaşdırıcı şəraitdə qəsdən öldürülməsi) və 236-cı maddənin 4-cü hissəsi (qanunsuz odlu silah gəzdirmə) ilə ittiham irəli sürülmüşdü.

Telavi Rayon Məhkəməsi onu hər iki maddə üzrə təqsirli bilərək, 19 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.

mənbə: interpress