Hakimin qərarı ilə Qvaramiya pasport və şəxsiyyət vəsiqəsindən məhrum edilib

Feb 24, 2026 - 10:24
 0  8
Hakimin qərarı ilə Qvaramiya pasport və şəxsiyyət vəsiqəsindən məhrum edilib

Gürcüstan Baş Prokurorluğundan verilən məlumata görə, Tbilisi Şəhər Məhkəməsi sabotaj işi üzrə "Axali" partiyasının liderlərindən biri olan Nika Qvaramiya barəsində 30 min lari məbləğində girov qətimkan tədbiri seçib.

Xeber.ge xəbər verir ki, hakimin qərarı ilə Qvaramiya, həmçinin pasport və şəxsiyyət vəsiqəsindən məhrum edilib.

Eyni iş üzrə "Strategiya Aqmaşenebeli" partiyasının lideri Qiorqi Vaşadze və "Qirçi – daha çox azadlıq" partiyasının lideri Zurab Qirçi Caparidze barəsində artıq qətimkan tədbiri olaraq 30 000 lari məbləğində girov təyin edilmişdi. "Gürcüstan naminə Lelo" partiyasının liderləri Mamuka Xazaradze və Badri Caparidzenin isə məhkəmə tərəfindən 1 milyon lari məbləğində girov ödəmələri tapşırılıb.

İstintaqın versiyasına görə, 2024-cü ilin oktyabrında keçirilən parlament seçkilərində müxalif partiyaların məğlubiyyətindən sonra, seçkilərin saxtalaşdırılması bəhanəsi ilə Zurab "Qirçi" Caparidze, Qiorqi Vaşadze, Elene Xoştariya, Nika Qvaramiya, Nikanor Meliya, Mamuka Xazaradze və Badri Caparidze küçə proseslərini radikallaşdırmaq üçün aktiv fəaliyyətə başlayıblar.

Bundan əlavə, prokurorluğun məlumatına görə, qanuni hakimiyyəti devirmək, aqressiv əhval-ruhiyyəli vətəndaş kütləsini səfərbər etmək, toplamaq və zorakı hərəkətlərə cəlb etmək məqsədilə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili öz şəxsi sosial media səhifəsi və kütləvi informasiya vasitələrində yayılan video müraciətləri vasitəsilə tərəfdarlarını mübarizə və aqressiv müqavimətin zəruriliyindən danışaraq qanunsuz və zorakı hərəkətlərə açıq şəkildə çağırıb. O, bəyanatlarında həmçinin tərəfdarlarını hökumət binalarını ələ keçirməyə və "rejimi dağıtmağa" səsləyib.