Gürcüstanın sabiq daxili İşlər naziri Okruaşvili qətl işi üzrə mühakimə olunub

Nov 19, 2025 - 22:16
 0  12
Gürcüstanın sabiq daxili İşlər naziri Okruaşvili qətl işi üzrə mühakimə olunub

Tbilisi Şəhər Məhkəməsi sabiq daxili işlər naziri İrakli Okruaşvilini Buta Robakidzenin qətli ilə bağlı böyük rezonans doğurmuş iş üzrə yeddi il həbs cəzasına məhkum edib.

Bu barədə "Rustavi-2" telekanalı məlumat yayıb.

Telekanalın təqdim etdiyi məlumata görə, prokuror çıxışında bildirib:

"İrakli Okruaşvilinin günahı tam təsdiqlənib. Məhz o dövrün daxili işlər naziri 2004-cü il noyabrın 23-də DİN-in yüksəkvəzifəli əməkdaşlarına cinayət işini saxtalaşdırmaq, Buta Robakidzeni və onun beş dostunu polisə hücum edən silahlı qrup kimi təqdim etmək barədə göstəriş verib. Nəticədə qarşıdurma baş verib və Buta Robakidze məhv edilib".

Qeyd olunur ki, ittiham maddələrindən birinin amnistiyaya düşməsi səbəbindən keçmiş nazirə ümumilikdə beş il üç ay həbs cəzası təyin edilib.

Bildirilib ki, həmin iş üzrə o vaxtkı baş prokuror, istintaqı lazımi qaydada aparmamaqda ittiham olunan Zurab Adeişvili isə bəraət alıb.

19 yaşlı Buta Robakidze 2004-cü ilin noyabrında polis tərəfindən qətlə yetirilib. Əvvəlcə əməliyyat zamanı güllələndiyi bildirilsə də, şahid ifadələri bunun belə olmadığını göstərib: polis gənclərin olduğu avtomobili saxlayıb, mübahisə yaranıb və polislərdən biri Robakidzeni güllələyib. 2012-ci ildə Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra bu səs-küylü işin istintaqına yenidən başlanılıb və bir neçə DİN əməkdaşı həbs olunub. Daha sonra ittiham həmin dövrdə müdafiə naziri olan İrakli Okruaşvili və keçmiş baş prokuror Zurab Adeişviliyə yönəldilib.

2025-ci ilin mayında Okruaşvili keçmiş prezident Mixeil Saakaşvili dövründəki cinayətlərin araşdırılması ilə məşğul olan parlament komissiyasının iclasına gəlmədiyi üçün saxlanılıb. İyul ayında məhkəmə onu səkkiz ay müddətinə azadlıqdan məhrum edib.

mənbə: oxu