"Qanuni oğru" Besik Caparidze ilə bağlı şok faktlar üzə çıxdı-VİDEO
Gürcüstanda vətəndaşlar arasındakı maliyyə mübahisələrini "qanuni oğru" Besik Cafaridzenin vasitəsilə həll edən cinayətkar şəbəkəyə qarşı genişmiqyaslı xüsusi əməliyyat keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin direktoru Davit Kiknadze keçirdiyi brifinqdə məlumat verib.
XEBER.GE xəbər verir ki, Baş Prokurorluqla birgə ölkə miqyasında keçirilən əməliyyat nəticəsində son 24 saat ərzində "oğru dünyası" ilə əlaqədə şübhəli bilinən 29 nəfər saxlanılıb. Aralarında qadının da olduğu saxlanılan şəxslərdən başqa, uzun illərdir xaricdə yaşayan "qanuni oğru" Besik Cafaridze daxil olmaqla 3 nəfərə isə qiyabi ittiham irəli sürülüb.
İstintaq materiallarına görə, cinayətkar şəbəkənin üzvləri şəxsi maddi mənfəət əldə etmək məqsədilə vətəndaşlar arasında yaranan irihəcmli maliyyə mübahisələrinə fəal şəkildə müdaxilə ediblər.
Prosesdə cinayətkar təsirlərini gücləndirmək və tərəflərə psixoloji təzyiq göstərmək üçün xaricdə olan "qanuni oğru" Besik Cafaridze prosesə cəlb olunub. Təqsirləndirilən şəxslər mütəmadi olaraq tərəflərlə birgə "oğru sxodkaları" təşkil ediblər.
Məsafədən əlaqə və ya şəxsi görüşlər zamanı Besik Cafaridze "oğru ənənələrinə" uyğun olaraq qərarlar qəbul edib və mübahisəli tərəflərdən birinin digərinə külli miqdarda pul ödəməsi barədə "hökm" çıxarıb. Öhdəlikləri vaxtında yerinə yetirməyən və ya etiraz edən vətəndaşlar və onların ailə üzvləri isə şəbəkə üzvləri tərəfindən fiziki hesablaşma, sağlamlığa zərər vurma və ölümlə hədələniblər.
Daxili İşlər Nazirliyinin yaydığı əməliyyat görüntülərindən və çəkilişlərdən məlum olur ki, keçirilən axtarışlar zamanı cinayətkar qrupun üzvlərindən çoxlu sayda maddi sübutlar götürülüb:
Xaricdəki "qanuni oğru" ilə əlaqə saxladıqları mobil telefonlar və kompüter texnikası,
Qanunsuz olaraq əldə edilmiş odlu silahlar və döyüş sursatı.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 223-cü prima ("oğru dünyası"na üzv olmaq), 223-cü tertia ("oğru dünyası"nın fəaliyyətinə dəstək vermək), 223-cü kvarta ("oğru dünyası"na müraciət etmək) və 236-cı (qanunsuz silah saxlama) maddələri ilə cinayət işi açılıb. Bu maddələr təqsirləndirilən şəxslər üçün 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.