Gürcüstanın bu bölgəsində karantin elan edildi

Bir neçə gün əvvəl Martvili rayonunun Nacaxavo kəndində quduzluq hadisəsi qeydə alınıb.
Orta yaşlı qadını iki aylıq sahibsiz it dişləyib.
Qadına profilaktik olaraq peyvənd vurulub, bir neçə gün sonra isə it ölüb. Quduzluq laboratoriyada təsdiqlənib. Martvili İctimai Sağlamlıq Mərkəzi bildirir ki, agentlik fövqəladə tədbirlərə başlayıb, xəstəliyə yoluxmuş heyvanla təmasda olan şəxsləri müəyyən edib və hamısını peyvənd edib.
Kənddə karantin elan edilib. Milli Qida Agentliyinin nümayəndələri 500-ə yaxın heyvanı peyvənd edib. Quduzluq və digər yoluxucu xəstəliklərin qarşısının alınması üçün müxtəlif tədbirlər fəal şəkildə həyata keçirilir. Yerli sakinlər kənddə ev heyvanlarının peyvəndlənməsinin intensiv şəkildə aparıldığını deyirlər.
Milli Qida Agentliyi hazırda ölkənin üç rayonunda sahibsiz heyvanların sayının idarə edilməsi üzrə pilot proqram həyata keçirir. Qurumun məlumatına görə, profilaktika məqsədilə artıq bir milyona yaxın baytarlıq proseduru həyata keçirilib.
2025-ci ildə Gürcüstanda 5 quduzluq hadisəsi aşkar edilib. Milli Qida Agentliyi hər il heyvanlar üçün pulsuz profilaktik peyvəndlər aparır.
mənbə: Intrepress.ge