Gürcüstanda "qanuni oğru" əməliyyatı: Şukakidzenin qardaşı saxlanıldı-VİDEO
Gürcüstanda "oğru dünyası" ilə əlaqəli şəxslərin saxlanılması istiqamətində keçirilən genişmiqyaslı əməliyyatla bağlı yeni təfərrüatlar məlum olub.
Xeber.ge xeber verir ki,hüquq-mühafizə orqanları tərəfindən ümumilikdə 44 nəfər saxlanılıb.
Əlavə olaraq 7 nəfərə qarşı ittiham irəli sürülüb ki, onlardan 5-i cəzaçəkmə müəssisəsindədir, 2-si isə xaricdə olduğu üçün barələrində qiyabi ittiham çıxarılıb.
Saxlanılanlar arasında "qanuni oğru" Nodar Şukakidzenin qardaşı Levan Şukakidze də var.
Levan Şukakidze və dəstəsinin zərərsizləşdirilməsi üçün xüsusi əməliyyat Qldani rayonunda keçirilib.
Qldani ilə yanaşı, Nadzaladevi rayonunda da əməliyyat tədbirləri aparılıb.
İş üzrə "qanuni oğru"lar Levan Marqiya və Nodar Şukakidzenin adları qeyd olunur.
Bu şəxslər "oğru qaydaları"na əsasən vətəndaşlar arasındakı maliyyə və kriminal mübahisələrə müdaxilə edərək qərarlar qəbul ediblər.
Müəyyən edilmiş məbləğləri vaxtında ödəməyənlər fiziki işgəncə və ölümlə hədələniblər.
Dəstə üzvləri Tbilisi küçələrində hərəkət edərək seçdikləri vətəndaşları internet-bank vasitəsilə zorla kredit götürməyə məcbur edib, həmin vəsaitləri öz hesablarına köçürərək mənimsəyiblər.
Müxalifət nümayəndələrinin iddiasına görə, Nodar Şukakidze illər öncə Qldani rayonuna nəzarət edib və "Gürcü Arzusu" partiyası üçün səslərin toplanmasında iştirak edib.