Gürcüstanda sürücülük imtahanları ilə bağlı qaydalar dəyişir
Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi sürücülük vəsiqəsi almaq üçün keçirilən praktiki imtahanlarla bağlı mühüm yeniliyi elan edib.
Xeber.ge xeber verir ki, vətəndaşların maraqları və əlçatanlığın artırılması məqsədilə tətbiq edilən bu dəyişiklik cari ilin iyun ayından qüvvəyə minəcək.
Vətəndaşlar 250 lari ödəyərək keçirilən növbədənkənar (qeyri-planlı) praktiki imtahanlarda yalnız şənbə günləri iştirak edə biləcəklər.
Bazar ertəsindən cümə gününə qədər yalnız planlı (növbəli) imtahanlar təşkil olunacaq.
Əvvəllər növbədənkənar imtahanlar üçün ayrılan kvotalar tam şəkildə planlı imtahanların sayına əlavə ediləcək.
Xatırladaq ki, indiyədək vətəndaşlar həm planlı, həm də 250 larilik növbədənkənar imtahanlardan bazar ertəsindən şənbəyə qədər yararlana bilirdilər.
Yeni dəyişikliklə bu imkan həftənin yalnız bir günü ilə məhdudlaşdırılır.